Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 28-ci Baş Assambleyasının texniki sessiyası keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Texniki sessiyanın birinci günündə “Vergi administrasiyalarında qabaqcıl təhlilin gələcəyi”, “Vergi administrasiyalarında məlumatlardan istifadənin optimallaşdırılması və süni intellekt sahəsində innovasiyaların tətbiqi”, “Məlumat bazası imkanlarından tam həcmdə istifadə” mövzularında sessiyalar keçirilib.
“Məlumat bazası imkanlarından tam həcmdə istifadə” sahəsində təşkil edilmiş sessiyada DVX-nin rəis müavini Emil Qarayev təqdimatla çıxış edib. E.Qarayev DVX-nin bu sahədə təcrübəsi, tətbiq edilən mexanizmlər, əldə olunmuş nəticələr, faydalı həllərin və innovativ alətlərin əhəmiyyəti, bu istiqamətdə nəzərdə tutulan perspektiv tədbirlər barədə məlumat verib. Təqdimatda DVX-nin fəaliyyəti ilə bağlı rəqəmsallaşma sahəsində mühüm məqamlara yer verilib.
Tədbir çərçivəsində “Vergi administrasiyalarında məlumat bazasından istifadə sahəsində innovasiyalar” mövzusuna həsr edilmiş sərgi keçirilib. Sərgidə DVX öz stendi ilə təmsil olunub. Stend böyük maraqla qarşılanıb.
Baş Assambleyanın texniki sessiyasının ikinci günündə “Daxili prosedurların və vergi ödəyicilərinə xidmətin inkişaf etdirilməsində süni intellektdən istifadə”, “Vergi administrasiyalarında qabaqcıl təhlil və ehtimal olunan modelləşmənin tətbiqi” və “Məlumatın vizuallaşdırılması və hesabatlılıq” adlı paralel sessiyalar keçirilib.
Bundan başqa, səfər çərçivəsində DVX rəisi Orxan Nəzərli Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaquyhelyi ilə ikitərəfli görüş keçirib. Görüşdə ölkələrimizin vergi orqanları arasında əməkdaşlıq əlaqələri, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.