Azərbaycan halal məhsulların istehsalında Rusiyanın tərəfdaşlarından birinə çevrilə bilər

2024.06.20 18:07 (UTC+04:00)

“Azərbaycan orqanik və halal məhsulların istehsalında Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilə bilər”.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin deyib.

Onun sözlərinə görə, hazırda Rusiyada Azərbaycan müəssisələri ilə birgə kənd təsərrüfatı layihələri inkişaf etdirilir, ərzaq məhsulları və kənd təsərrüfatı texnikasının tədarükü sahəsində perspektivli əməkdaşlıq qurulub.

“Ölkəmiz qarşılıqlı tədarük üçün məhsul çeşidinin həcminin artırılmasında maraqlıdır. Mən orqanik və halal məhsulların istehsalı kimi sürətlə inkişaf edən sahələrə diqqət çəkmək istərdim. Azərbaycan bu sahələrdə əsas tərəfdaşlardan birinə çevrilə bilər”, - A.Yatskin qeyd edib.

O, parlamentin müvafiq komitələrindən bu məsələlərə ikitərəfli əməkdaşlıq çərçivəsində baxılmasını xahiş edib. A.Yatskin həmçinin bildirib ki, Rusiya bu cür məhsulların istehsalı üçün standartların qarşılıqlı tanınması ilə bağlı maraqlı ölkələrlə fəal işləyir: "Ümid edirik ki, azərbaycanlı həmkarlarımız əməkdaşlığın yeni istiqamətinə maraq göstərəcəklər".