Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisi davam edir VİDEO

2024.06.20 14:17 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, bu istiqamətdə mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də inşası davam etdirilən Xankəndi-Şuşa-Laçın avtomobil yoludur.

Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxəlif ölçülü və diametrli suötürücü boruların inşası nəzərdə tutulub. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış portalında qazma işləri davam etdirilir.

Eyni zamanda layihə üzrə kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Xankəndi-Şuşa-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.