Hüseyn Quliyev: “Özbəkistan sərmayədarları Qarabağdakı layihələrə maraq göstərirlər” MÜSAHİBƏ

2024.06.20 12:20 (UTC+04:00)

- Son dövrlərdə Azərbaycanla Özbəkistan arasında ticarət-iqtisadi əlaqələr hansı dinamika üzrə inkişaf edir və bu sahədə perspektivləri necə qiymətləndirirsiniz?

- Ortaq dəyərlərə və tarixə, sıx əlaqələrə malik olan ölkələrimiz arasında çoxşaxəli münasibətlər davamlı şəkildə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın daha da güclənməsinə münbit şərait yaradıb. İmzalanmış 160-dan çox sənəd, o cümlədən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə” dayanıqlı hüquqi baza yaradır. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət başçılarının 5-ci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın bu ölkələrlə qardaşlıq münasibətlərinin əhəmiyyətli göstəricisidir. Özbəkistan tərəfindən işğaldan azad edilmiş Füzuli şəhərində 960 şagird yerlik məktəb binasının tikildiyi xüsusi vurğulanmaqla, bu ərazilərin yenidən qurulmasındakı iştirakına görə qardaş ölkəyə hər fürsətdə minnətdarlıq ifadə olunur. Özbəkistanla əməkdaşlıq çoxvektorludur və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, birgə layihələr, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Münasibətlərin sürətli inkişafı ticarətin dinamikasına da müsbət təsir göstərir. Ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var və bu sahədə təşəbbüslərin intensivləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, cari ilin 2-3 may tarixlərində Daşkənddə Üçüncü Beynəlxalq İnvestisiya Forumu keçirilib. Tədbirdə dünyanın 93 ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, investorlar və ekspertlər, ümumilikdə 2500-dək nümayəndə iştirak edib. Bu mühüm tədbirə ölkəmizdən iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti də qatılıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu və energetika naziri Pərviz Şahbazovu qəbul edib. Görüşdə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırıldığı vurğulanıb, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa töhfələri barədə fikir mübadiləsi aparılıb.

Özbəkistanla əməkdaşlıq çoxvektorludur və iqtisadiyyatın müxtəlif sahələrini
əhatə edir, birgə layihələr, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir

Forumda, həmçinin, “Özbəkistan-Azərbaycan: uğura doğru addım” adlı sessiya keçirilib. Qarşılıqlı ticarət, investisiya, turizm sahələrində yeni əməkdaşlıq layihələrinin müzakirə edildiyi sessiyada bildirilib ki, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin gələcək inkişafı üçün böyük potensial mövcuddur. Ölkələrimiz arasında avtomobil və dəmiryol daşımalarının miqyası artıb, nəqliyyat əlaqəsinin möhkəmləndirilməsi istiqamətində atılmış addımlar ticarəti əhəmiyyətli dərəcədə asanlaşdırıb. Ümumiyyətlə, Özbəkistanla Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin möhkəmlənməsi üzrə konstruktiv dialoq mövcuddur və bu istiqamətdə işlər uğurla davam etdirilir.

- Bu gün Azərbaycanla Özbəkistanın iqtisadi əməkdaşlığı dörd əsas istiqamətə əsaslanır: nəqliyyat, qarşılıqlı investisiyalar, enerji və sənaye kooperasiyası. Bu istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üşün hansı işlər görülür? Azərbaycan Özbəkistanla hansı iqtisadi sahələrdə perspektiv layihələr həyata keçirə, səmərəli işbirliyi qura bilər?

- Ötən il Şuşada keçirilmiş Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası, həmçinin Azərbaycan-Özbəkistan Regionlararası Forumu, Azərbaycan-Özbəkistan İşgüzar Şurası iqtisadi-ticarət münasibətlərinin inkişafında mühüm rol oynayır. Biznes subyektlərinin işbirliyinin təşviqi üçün yeni imkanların, həmçinin energetika sahəsində birgə fəaliyyət üçün geniş perspektivlərin araşdırılması, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi haqqında Yol Xəritəsinin icrası hər iki tərəfin diqqət mərkəzindədir. Azərbaycanın əlverişli investisiya mühiti, iqtisadi islahatlar, sənaye zonaları, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr Özbəkistan sərmayədarları üçün maraq kəsb edir. Özbəkistan şirkətləri ilə sənaye, ticarət, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Biznes qurumlarının tərəfdaşlığı çərçivəsində gerçəkləşdirilən investisiya layihələri, Azərbaycanda birgə avtomobil istehsalı və tekstil müəssisələrinin, pambıq klasterinin yaradılması sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın əlverişli investisiya mühiti, iqtisadi islahatlar, sənaye zonaları,
Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
layihələr Özbəkistan sərmayədarları üçün maraq kəsb edir

Perspektivli sahələrdən biri də nəqliyyatdır. Bu baxımdan, ölkələrimizin Orta Dəhliz çərçivəsində tərəfdaşlığı böyük potensiala malikdir. Özbəkistandan 2024-cü ilin birinci rübündə Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb və bu rəqəmin ildə 1 milyona çatacağı gözlənilir. Nəqliyyat əlaqələri ölkələrimiz arasında ticarətin və əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir.

- Ötən ilin əvvəlində yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında münasibətlərin inkişafına, hər iki tərəfdən sərmayə qoyuluşunun artırılmasına nə kimi töhfə verəcək?

- Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ümumi kapitalı 500 milyon ABŞ dolları təşkil edir. Ölkələrimizin regionları və işgüzar dairələri arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək bu şirkətin Müşahidə Şurasının ilk iclası cari ilin may ayında keçirilib və birgə layihələr, qarşılıqlı sərmayə qoyuluşlarının diqqət mərkəzində olacağı bəyan edilib. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki ölkə arasında iqtisadi əməkdaşlığı dəstəkləməklə yanaşı, tərəflərin iqtisadiyyatını müasirləşdirmək və inkişaf etdirmək, əməkdaşlıq imkanlarından səmərəli istifadə üçün yeni imkanlar ortaya qoyacaq. Şirkət beynəlxalq investisiya və maliyyə institutları ilə, o cümlədən Azərbaycan və Özbəkistanın qarşılıqlı investisiya fəaliyyətinin əlaqələndirilməsinə, birgə investisiya layihələrinin izlənilməsi və həyata keçirilməsinə dəstək verəcək, iştirakçıların tərkibinin genişləndirməsi məqsədilə xarici və yerli investorlar cəlb edəcək.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki ölkə arasında iqtisadi əməkdaşlığı
dəstəkləməklə yanaşı, tərəflərin iqtisadiyyatını müasirləşdirmək və inkişaf etdirmək,
əməkdaşlıq imkanlarından səmərəli istifadə üçün yeni imkanlar ortaya qoyacaq

- Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması iştirakçı ölkələrin enerji təhlükəsizliyinə, energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələrə necə təsir göstərəcək?

- Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı geniş perspektivlərə malikdir. 2023-cü ilin sonunda Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın iqtisadiyyat və energetika nazirlərinin imzaladığı Birgə Kommünikedən irəli gələn məsələlərin icrası, yaşıl enerji layihələri üzrə birgə fəaliyyətin gücləndirilməsi bu istiqamətdə qarşıda duran əsas məsələlərdəndir. Hər üç ölkə zəngin bərpaolunan enerji mənbələrinə malikdir, bu baxımdan həyata keçirilən layihələr elektrik enerjisinin istehsalı və ixracını stimullaşdırır. Bu məqsədlə yaradılmış İşçi qrup enerji mübadiləsi, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir. Ümidvarıq ki, Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması iştirakçı ölkələrin enerji təhlükəsizliyinə öz töhfəsini verəcək, energetika sistemləri və iqtisadiyyatlar arasında əlaqələri möhkəmləndirəcək. Qazaxıstan və Özbəkistanın bu dəhlizlərə çıxış əldə etməsi onların elektrik enerjisi bazarlarının inkişafını, yaşıl hidrogen, ammonyakın istehsalı və təchizatı üzrə əməkdaşlığı stimullaşdıracaq, Orta Dəhliz çərçivəsində enerji təhlükəsizliyi və “yaşıl layihələr” üzrə tərəfdaşlığı gücləndirəcək. Onu da qeyd etmək lazımdır ki, tərəflər bərpaolunan enerji mənbələrinin geniş istifadəsinin tətbiqi və generasiya güclərinin genişləndirilməsinə əsaslanan dayanıqlı inkişafın alternativsizliyini bir daha vurğulayaraq, iqtisadi inkişafa xələl gətirmədən karbonsuzlaşma ilə bağlı birtərəfli və birgə səylərini davam etdirəcəkləri ilə bağlı razılıq əldə ediblər. Energetika sahəsində birgə fəaliyyət və tərəfdaşlıq üzrə uğurlu təcrübə mövcuddur. Burada Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası və sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə də təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində səylərini xüsusi qeyd etmək lazımdır.

Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması iştirakçı ölkələrin
enerji təhlükəsizliyinə öz töhfəsini verəcək, energetika sistemləri və iqtisadiyyatlar
arasında əlaqələri möhkəmləndirəcək

- “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu”nun icrası yaşıl enerjinin istehsalı və ixracı baxımından Azərbaycana hansı üstünlüklər verəcək?

- Cari ilin may ayında Özbəkistanda Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və enerji nazirlərinin yaşıl enerjinin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı mövzusunda ikinci görüşü keçirilib, enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədin icrası yaşıl enerjinin istehsalı və Azərbaycan vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək. Layihə çərçivəsində hər üç ölkədə bərpaolunan enerji mənbələrinin optimal inkişaf strategiyası və baş planın hazırlanması, enerji sistemlərinin birləşdirilməsinin həlli yollarının tapılması nəzərdə tutulur. Sözügedən layihə Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi ilə bərpaolunan enerjinin ixracı potensialının artımına mühüm töhfə verəcək.

İlhamə İSABALAYEVA