Lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma məsələləri necə tənzimlənir?

2024.06.27 10:13 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 140-cı maddəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əməliyyat bu Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi təqdirdə, əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir. Bu zaman Məcəllənin 72.4-1-ci maddəsinə uyğun olaraq, vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

Buna əsasən, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi və əməliyyat Vergi Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün aparılan əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir. Bu zaman ƏDV-dən azadolma tətbiq edilmiş əməliyyatlar üzrə vergilər qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövrü (2024-cü ilin aprel ayı) üzrə təqdim edilmiş bəyannamədə dəqiqləşdirilməklə dövlət büdcəsinə bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 140.7-ci maddəsi