Azərbaycana turist axını ilə bağlı göstəricilər açıqlanıb

2024.06.13 17:09 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 179 ölkəsindən 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 31,1 faiz artaraq 37,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 24 faiz artaraq 367,8 min nəfər olub.

Ölkəyə gələn əcnəbilərin 71,5 faizi hava, 27,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 27,5 faiz artaraq 808,1 min nəfər təşkil edib.

İrana gedən ölkə vətəndaşlarının sayı 39,4 faiz, Türkiyəyə gedənlərin sayı 27,1 faiz, Gürcüstana gedənlərin sayı 21,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,9 faiz artıb.

2024-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 30 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.