Növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

2024.06.13 16:37 (UTC+04:00)

15-16 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Nazirliyin məlumatına əsasən, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Yarmarkada 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada fermerlər müxtəlif bölgələrdən 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

Yarmarka 2 gün müddətində saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.