Qüdrətli dövlət naminə! Video

2019.07.18 10:08 (UTC+04:00)

Sosial reklam çarxlarında Vergilər Nazirliyi tərəfindən vergilərin hara və nəyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi obrazlı şəkildə ifadə olunub. Sosial çarxların süjetləri həyatda baş verən real hadisələr əsasında qurulub və müxtəlif peşə sahiblərinin fədakar fəaliyyətinə həsr edilib. Bu məqsədlə təhlükəsiz, sağlam, qayğıkeş və savadlı dövlət naminə kimi əsas çağırışlardan istifadə olunub. Vergilər Nazirliyi sosial çarxları kommunikasiya vasitələrində yayımlamaqla vergilərin ödənilməsinin vacibliyini, cəmiyyətdə ictimai dəstəyin artırılmasına nail olmağı qarşıya məqsəd qoyub.

Bu günlərdə Vergilər Nazirliyi tərəfindən "Qüdrətli dövlət naminə!" çağırışı ilə növbəti sosial çarx hazırlanıb. Bu dəfə süjet xətti olaraq oyun zamanı öz yoldaşları tərəfindən kənarda saxlanan, əsgərlərin onu komanda şəklində oyuna cəlb etməsi ilə futbol oynamaq istedadı üzə çıxan azyaşlı uşağın həyat hekayəsi əsas götürülüb. Süjet xəttində vurğulanır ki, qəhrəman olmaq heç kimin borcu deyil, lakin vətəndaşlıq mövqeyini hər bir kəs hər zaman nümayiş etdirməlidir.

"Qüdrətli dövlət naminə" sosial çarxının mərkəzi televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulur.