Mehmet Əmir Aksoy: “Azərbaycan Türkiyənin enerji təhlükəsizliyində mühüm rol oynayır”

2024.06.11 14:12 (UTC+04:00)

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində müqavilələr regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə əlavə təkan verəcək”. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına türkiyəli alim, siyasi elm, iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Əmir Aksoy bildirib. Onun sözlərinə görə, bu müqavilələr Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin nə qədər möhkəm olduğunu və hər iki ölkənin bir-birini strateji və etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir.

M.Ə.Aksoy vurğulayıb ki, Azərbaycan Türkiyəyə enerji təhlükəsizliyini təmin etməkdə kömək göstərir və “bu, bizim milli maraqlara uyğun addımlar atmağımızın, enerji təchizatının davamlılığını və təhlükəsizliyini təmin etməyimizin göstəricisidir”.

Ekspertin sözlərinə görə, imzalanmış müqavilələr həm də iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirir. Təbii qaz ticarəti hər iki ölkənin iqtisadiyyatına mühüm töhfə verir və regional iqtisadi sabitliyi dəstəkləyir: “Qarşılıqlı razılaşmalar sayəsində Türkiyə və Azərbaycan regionda birgə fəaliyyət göstərir, regional lider mövqelərini qoruyur və beynəlxalq aləmdə güclərini artırırlar. Bu əməkdaşlıq regionda təsir imkanlarını artırmaqla hər iki ölkənin milli maraqlarını qorumağa və genişləndirməyə imkan verir”.

Ekspert diqqətə çatdırıb ki, enerji resurslarının etibarlı və dayanıqlı təminatı həm də milli təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə ilə Azərbaycan arasında bu cür razılaşmalar hər iki ölkənin müdafiə strategiyasını daha da gücləndirir və milli təhlükəsizliyə mühüm töhfələr verir.

Tamilla MƏMMƏDOVA