Regionlarda turizm obyektlərinə görə əmlak vergisinin ödənilməsi

2024.06.21 12:52 (UTC+04:00)

Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 199.11-ci, 199.14-cü və 199.15-ci maddələri nəzərə alınmaqla, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna edilməklə) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Qeyd olunanlara əsasən, 2024-ci il yanvarın 1-dən 3 il müddətinə hüquqi şəxs tərəfindən balansında olan mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlakların sahələrinə görə Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmış əmlak vergisinin 75 faizi azaddır.

Əsas: Vergi Məcəlləsinin 198.2-ci və 199.21-ci maddələri