Tələbələr onlara təqdim edilmiş mövzu üzərindən statistik göstəriciləri təhlil edərək təşkilatda qarşıya qoyulmuş tələblərin təmin olunması ilə bağlı Tədbirlər Planı hazırlayaraq təkliflər veriblər. Dövlət Vergi Xidmətinin müşahidəçiləri tərəfindən tələbələrin qrup şəklində bu mövzuda qarşıya qoyulan tapşırıq və məsələləri həll etmək bacarıqları yoxlanılıb.
Qrup tapşırıqları mərhələsi üzrə seçilmiş tələbələr 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsinə qoşulacaqlar. Orada onlara təcrübəli vergi xidməti əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsi və müxtəlif səriştələr üzrə təlimlər təşkil olunacaq. Daha sonra tələbələr DVX-nın Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində istehsalat təcrübəsində iştirak edəcəklər.
Qeyd edək ki, təşkil ediləcək Yay Təcrübə Proqramı sayca üçüncüdür. Layihə tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən təcrübə proqramıdır. 3-cü Yay Təcrübə Proqramının cari il iyul ayının 1-dən avqust ayının 30-dək keçirilməsi nəzərdə tutulur.