“Sahibkarlığın İnkişafı Fondundan güzəştli şərtlərlə aldığımız kredit hesabına məhsuldarlığı 2 dəfə artırmışıq”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Salyan rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əvəz Əliyev deyib.
Onun sözlərinə görə, 150 min manat güzəştli kredit hesabına pomidor və xiyar yetişdirmək üçün yeni istixana yaradıb. Bu istixana yaradılanadək il ərzində maksimum 40-50 ton pomidor və xiyar istehsal ediblər. Yeni istixana qurulduqdan sonra isə illik məhsul istehsalını 100 tona çatdırıb, eyni zamanda, 2 daimi, əlavə olaraq, 4 mövsümi iş yeri yaradıblar.
Sahibkar qeyd edib ki, hazırda məhsullarını yalnız daxili bazarda satırlar. Xarici bazara çıxa bilmək üçün daha çox istixananın olması və məhsulun istehsal edilməsi lazımdır: “Yaz və qış mövsümündə 4-5 gündən bir pomidor dərimi baş verir. İstixananın sahəsi elə olmalıdır ki, hər dərimdə bir maşını dolduracaq qədər məhsul yığılsın. Bizim istixananın ərazisi buna imkan vermədiyi üçün xaricə məhsul göndərə bilmirik. Amma kredit ödənişlərini bitirdikdən sonra yeni kredit üçün müraciət edərək istixana ərazimizi genişləndirəcəyik. Onda xaricə məhsul ixrac etmək imkanımız olacaq”.
İndiyədək SİF-dən iki dəfə kredit aldığını deyən Ə.Əliyev dövlətin sahibkarlara göstərdiyi qayğını yüksək qiymətləndirib. Əlavə edib ki, kreditlərin verilməsi həm məhsuldarlığın artmasına, həm də yeni iş yerlərinin yaradılmasına imkan verir: “Çox şadıq ki, SİF kredit almaqla bağlı ikinci müraciətimizi də müsbət dəyərləndirdi və bizə lazımi qədər kredit ayırdı. Bu kreditə qədər - daha əvvəlki illərdə dövlətdən bir dəfə kredit almışdım. Açıq deyim ki, öz gücümlə biznesimi inkişaf etdirə bilməzdim. Bu kreditlərin verilməsi mənim üçün böyük kömək oldu. Kredit aldıqdan sonra sahibkara möhlət hüququ verilir və o, bir il əsas borcdan kredit qaytarmır. Bu müddətdə biz əsas işimizi gördük, əkinimizi apardıq, məhsul yetişdikdən sonra isə kreditimizi ödəməyə başladıq. Bu, çox böyük yardımdır”.
Sahibkar qeyd edib ki, gələcəkdə dövlətin maliyyə dəstəyi ilə meyvə bağı və heyvandarlıq istiqamətində də biznes qurmaq istəyir.
İlhamə İSABALAYEVA