Daha 17 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib

2024.06.10 13:14 (UTC+04:00)

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, Xızıda yerləşən “Yeni Yaşma I” qum-çınqıl yatağı üzrə təklif 7079 manatdan 201 min manata, “Təzəkənd” qum-çınqıl yatağının LOT-1 üzrə təklifi 15 min manatdan 236 min manata yüksəlib. Bununla yanaşı, start qiyməti 13 897 manat olan “Kürdçü” qum yatağı 200 min manata istifadəyə verilib.

Qeyd edək ki, hərracda qum, qum-çınqıl yataqları ilə yanaşı, gil, qranodiorit, andezit yataqları da investorlara istifadəyə verilib.

Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digər məlumatlar) ilə https://bit.ly/45k7ZOU linki vasitəsilə tanış olmaq mümkündür.