Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

2024.06.08 10:25 (UTC+04:00)

Azərbaycan BMT Baş Assambleyası tərəfindən qurumun İqtisadi və Sosial Şurasına üzv seçilib.

Keçirilən rəqabətli səsvermədə Azərbaycan 148 səslə üzvlük haqqını qazanıb və 2025-2027-ci illər üzrə 3-ü dəfə şuranın üzvü olacaq.

Ölkəmiz ilk dəfə 2003-2005-ci illərdə, ikinci dəfə 2017-2019-cu illərdə İqtisadi və Sosial Şuranın üzvü olub. Azərbaycanla yanaşı, daha 20 ölkə Şuraya üzv seçilib.

İqtisadi və Sosial Şura BMT-nin 6 əsas orqanından biridir. Şura 1945-ci il iyunun 26-da qurulub və BMT Nizamnaməsinə əsasən qurumun 15 ixtisaslaşmış təşkilatının, 9 funksional və 5 regional komissiyasının iqtisadi və sosial sahədə fəaliyyətlərini əlaqələndirir.

Azərbaycanın bu gün rəsmən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP) sədri vəzifəsinin icrasına başlanması ilə yanaşı, BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təzahürüdür.

AZƏRTAC