Azərbaycan və Belarus arasında 2025-ci ilədək əməkdaşlığın inkişafına dair yol xəritəsi imzalanıb

2024.06.06 16:33 (UTC+04:00)

Minskdə Belarus və Azərbaycan arasında 2025-ci ilədək əməkdaşlığın inkişafına dair yol xəritəsi imzalanıb.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Belarus mətbuatına istinadən xəbər verir ki, sənədi Belarusun Baş nazirinin müavini İqor Petrişenko və Azərbaycan tərəfindən Baş nazirin müavini Əli Əhmədov imzalayıblar.

Ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının 14-cü iclasının protokolu da imzalanıb.

Hökumətlərarası komissiyanın iclasının yekunları üzrə imzalanan digər sənədlər arasında Belarus Ticarət və Sənaye Palatası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlıq memorandumu, həmçinin Belarus Respublika Peşə Təhsili İnstitutu və Azərbaycan Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu da yer alır.

Bununla yanaşı, Belarusun Toxumçuluq, Karantin və Bitkilərin Mühafizəsi üzrə Baş Dövlət Müfəttişliyi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi arasında fitosanitar nəzarəti sahəsində informasiya sistemlərindən istifadə etməklə nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı informasiya qarşılıqlı fəaliyyətinin təşkili üzrə texniki qaydalar da təsdiq edilib.