Belarus-Azərbaycan biznes forumu işgüzar dairələr üçün mühüm platformaya çevriləcək

2024.06.06 17:38 (UTC+04:00)

İyunun 7-də keçirilməsi nəzərdə tutulan Belarus-Azərbaycan biznes forumu işgüzar dairələrin hər iki ölkənin investisiya və ixrac imkanları ilə qarşılıqlı tanışlığı üçün mühüm platformaya çevriləcək.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Belarus mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclasında çıxışı zamanı deyib.

O, sənaye kooperasiyası mövzusuna diqqət çəkib. Belə ki, Belarusun maşınqayırma məhsulları Azərbaycanda istehsal olunur. Hazırda istehsalın çeşidinin genişləndirilməsi müzakirə olunur və qarşılıqlı fəaliyyətin daha yüksək səviyyəyə çatdırılması nəzərdə tutulur.

Baş nazirin müavininin sözlərinə görə, aqrar sahədə kooperasiyaya xüsusi diqqət yetirilir ki, bu istiqamətdə 2025-ci ilədək kompleks əməkdaşlıq proqramı mövcuddur.

“Planlara bu proqramın genişləndirilməsi daxildir. Biz kənd təsərrüfatı məhsullarının çeşidini genişləndirmək və qarşılıqlı tədarük həcmini artırmaq üçün yaxşı perspektivlər görürük. Yaxşı ehtiyatlar var, biz bu imkanlardan istifadə edəcəyik”, - deyə Ə.Əhmədov vurğulayıb.