Metyu Brayza: “Azərbaycanın enerji potensialı son dərəcə yüksəkdir”

2024.06.06 15:16 (UTC+04:00)

“Azərbaycan Avropanın əsas təbii qaz tədarükçüsünə çevrilib”.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza məlumat verib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq ikitərəfli münasibətlər kontekstində ən parlaq məqamdır.

“Bakı həm də dünya bazarlarına neft tədarük edir ki, bu da qiymətlərin sabitləşməsinə kömək edir. Bundan əlavə, Azərbaycan hazırda COP29-un sədri kimi qlobal enerji keçidində liderlərdən biridir və bərpaolunan enerjiyə böyük sərmayə qoyur”, - o vurğulayıb.

M.Brayzanın sözlərinə görə, COP29-un əsas məqsədi təmiz enerjinin inkişafıdır. "COP29 insanlar, ölkələr və şirkətlərə bərpaolunan enerjiyə investisiyalar və onların öz enerji keçidlərini maliyyələşdirmələrinə kömək etmək üçün digər tədbirlər haqqında razılığa gəlməyə kömək edəcək. Beləliklə, COP29-un bütün məqsədi bərpaolunan enerjiyə sərmayəni artırmaqdır", - M.Brayza qeyd edib.

Ekspertin sözlərinə görə, Azərbaycan bərpaolunan enerji mənbələrini enerji siyasətinin əsas hədəfi edib. “Mən Azərbaycanı təbrik edirəm, çünki COP29-un ev sahibi kimi qlobal temperaturun 1,5 dərəcədən çox artmasının qarşısını almaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün səylərə rəhbərlik edir. Azərbaycanın enerji potensialı son dərəcə yüksəkdir və ölkənin bu istiqamətdə görəcəyi işlər var”, - M.Brayza əlavə edib.

Tamilla MƏMMƏDOVA