Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası

2024.06.06 10:44 (UTC+04:00)

13.05.2022-ci il tarixli "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Məcəllənin 49, 74 və 87-ci maddələrinə müvafiq dəyişikliklər olunub, bu və bu kimi hallar da həmin dəyişikliklərdə öz həllini tapıb. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə aşağıdakı məzmunda yeni mətn əlavə edilib:

Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini hǝyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır:

- fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdǝ;

- fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qǝrarı ilə azadlıqdan məhrum edildikdə;

- fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;

- Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə.

Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci bəndinə əsasən, yuxarıda nəzərdə tutulmuş hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.

Yuxarıda qeyd edilən hallarda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi mümkün olmadıqda, işçinin müraciəti əsasında əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşməsi barədə inzibati akt formasında qərar qəbul edilir, bununla bağlı altsistemdə və işçinin əmək kitabçasında müvafiq qeydlər aparılır.

Misal: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən Vəkilov Osman Ağarza oğlu (adlar şərtidir) fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətini davam etdirib. 2022-ci ilin yanvar ayında vəfat edən sahibkarın 3 işçisi vardır: Əhmədov Sahib məşğulluq orqanına, Aygün Kazımova isə başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqdan ötrü müraciət etdikdə onların adına köhnə iş yerində aktiv əmək müqaviləsi bildirişi olması qeyd edilib. Aygün və Sahibin əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində necə xitam verilməlidir?

Bu halda, Sahib və Aygün yazılı ərizə ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək, əmək müqaviləsi bildirişlərinə xitam verilməsini xahiş edəcəklər. Yaxşı olar ki, bunun təsdiqinə dair fərdi sahibkarın ölüm haqqında şəhadətnaməsinin surəti əldə edilərək ərizəyə əlavə olunsun. Əks halda, bunun araşdırılması aparılmalıdır. Belə olan halda, əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən orqan - Dövlət Əmək Müfəttişliyi Xidməti işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşməsi barədə inzibati akt formasında qərar qəbul edəcək və işçinin əmək kitabçasında müvafiq qeydlər aparacaq.

Qeyd olunan Qanunda edilmiş dəyişikliyə görə, yuxarıda göstərilmiş əsaslara uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) işçiyə əmək qanunvericiliyi ilə müəyyən olunmuş ödənişləri ödəməkdən azad etmir. Bu ödənişlər miras payı həddindən yuxarı ola bilməz.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı - 2024” kitabı