Xarici ölkəyə ezamiyyətə gedən işçiyə taksidən istifadəyə görə ödəniş edilirmi?

2024.06.05 12:30 (UTC+04:00)

Son vaxtlar ezamiyyə normalarına edilmiş dəyişikliklərdən biri də xarici ezamiyyələr zamanı “taksidən istifadə istisna olmaqla” ifadəsinin ləğv edilməsidir.

Bu məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” qərarı ilə tənzimlənilir. 4 aprel 2024-cü il tarixli 200 nömrəli qərarla isə həmin qərara dəyişiklik edilib.

“Ezamiyyə xərclərinin normaları haqqında” qərarda əvvəlki versiyada belə yazılıb:

“Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlərlə bağlı xərclər daxildir”. 4 aprel 2024-cü il tarixli dəyişiklikdən sora isə həmin maddə aşağıdakı kimi verilib: “Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir”.

Bu halda ezamiyyələr zamanı taksiyə görə xərclər üçün əlavə ödənişlər edilməlidirmi?

Məsələyə tam aydınlıq gətirmək üçün şəhərdaxili nəqliyyat anlayışını açıqlamalıyıq. Belə ki, nəqliyyat ifadəsi “Nəqliyyat haqqında” 11 iyun 1999-cu il tarixli Qanun ilə tənzimlənilir. Qanunun 1-ci maddəsində göstərilib ki, “nəqliyyat” - Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri hesab edilir. Maddədən aydın olur ki, avtobuslar, tramvaylar, qatarlar, taksilər və digərləri nəqliyyat vasitəsi sayılır.

Bundan əlavə, ictimai nəqliyyat ifadəsi əhalinin geniş istifadə etdiyi sərnişin nəqliyyatı vasitəsi mövcuddur. İctimai nəqliyyat xidmətlərində, bir qayda olaraq, müəyyən ödəniş tələb olunur. İctimai nəqliyyat müəyyən marşrut xətti (cədvələ və ya tələbata uyğun olaraq) üzrə nəqliyyat vasitələri ilə sərnişin daşınmasını həyata keçirən xidmət sahəsidir. Onlara misal olaraq avtobus, qatar, metro, təyyarə və bu kimi başqa nəqliyyat sistemlərini göstərmək olar.

Göründüyü kimi, ictimai nəqliyyat hamının istifadə edəcəyi nəqliyyat vasitələridir. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, avtobuslar, tramvaylar, qatarlar, trolleybuslar ictimai nəqliyyat sayılır. Ancaq taksi hamının istifadə etməsi üçün nəzərdə tutulmuş ictimai nəqliyyat deyil. Eyni zamanda, taksi xidməti şəhərdaxili nəqliyyat sayılır. Ona görə də 4 aprel 2024-cü ilə kimi qaydalarda taksi şəhərdaxili nəqliyyat sayıldığından və normalarda taksiyə görə ödənilən haqlar da ezamiyyə normalarında daxil olmadığına görə, bu xərc üçün təsdiqedici sənədlərlə əlavə vəsait ödənilirdi.

Məsələn, 04.04.2024-cü il tarixinə kimi işçi xarici ölkəyə ezamiyyətə gedibsə və həmin ölkədə taksidən istifadə edibsə, onda taksi xidmətinə görə ödənilən vəsaitlərin təsdiqedici sənədlərini təqdim etməklə həmin vəsaiti ala bilərdi.

Amma 04.04.2024-cü il tarixindən “taksidən istifadə istisna olmaqla” ifadəsi ləğv edildiyindən, artıq taksi xidmətinə görə ödənilən vəsait də xarici ezamiyyələr zamanı ödənilən normalara daxildir.
Bəs şəhərlər arasında ödənilən taksi və ya digər ictimai nəqliyyat xərcləri bu normalara daxildirmi? Qaydalardan da göründüyü kimi, normalara ancaq şəhərdaxili nəqliyyat xərcləri daxildir. Əgər ezamiyyə müddətində işçi müxtəlif şəhərlərə gedərsə, şəhərlər arasında ödənilmiş ictimai nəqliyyat və taksi xidmətlərinə görə məbləğlər təsdiqedici sənədlər əsasında əlavə olaraq ödənilməlidir.