Macarıstan enerji təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək.
Bu sözləri 29-cu Bakı Enerji Forumunda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
O bildirib ki, alternativ enerji istehsalını artırmaq lazımdır: “Azərbaycan bu sahədə böyük işlər görür və Avropaya 1 qiqavat həcmində alternativ enerji ixrac etməyi planlaşdırıb. Azərbaycanın enerji sahəsində reallaşdırdığı layihələr qlobal xarakter daşıyır. Yaxın gələcəkdə dünyada elektrik enerjisinə tələbat 2 dəfə artacaq. Azərbaycan uzaqgörən enerji strategiyası hazırlayıb və həyata keçirir. Bu strategiya daha çox yaşıl enerji istehsal etməkdən ibarətdir ki, buna da Azərbaycanın təbii və coğrafi mövqeyi imkan verir. Macarıstan yaşıl enerjiyə keçid proseslərini dəstəkləyir və bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək”.
Macar nazir qeyd edib ki, nüvə energetikası dövlətlərin gələcəkdə elektrik enerjisinə artan tələbatını ödəyə biləcəyinə əmin olması üçün vacibdir.
Onun sözlərinə görə, Macarıstan enerji təchizatının diversifikasiyası üzərində işləyir: “Ölkəmiz Azərbaycan, Qətər və Türkiyədən daha çox qaz almaqdan ötrü Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin ötürmə qabiliyyətini artırmaq üçün Avropa İttifaqına müraciət edib”.