Prezident İlham Əliyev: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir” YENİLƏNİB

2024.06.04 11:42 (UTC+04:00)

“Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.

“Şahdəniz” layihəsi Azərbaycanda qaza olan qıtlığı aradan qaldırdı”,- deyən dövlət başçısı qeyd edib ki, bu il bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq: “Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”.

Prezidentin sözlərinə görə, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır: “Yəni bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir. Təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Biz Azərbaycan qazına ehtiyacı olan bir sıra ölkələrlə onların enerji təhlükəsizliyini təmin etmək üçün fəal danışıqlar aparırıq”.

Dövlət başçısı bildirib ki, 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə ediləcək: “Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıcdır”.

Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracağıq. Yəni, 1 qiqavat bərpaolunan enerji bizə 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, beynəlxalq bazarların buna ehtiyacı var və olacaq”.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

Daha sonra dövlətimizin başçısı sərgilərlə tanış olub.

AZƏRTAC