Sosial şəbəkədən gəlir əldə edən şəxslərin vergi öhdəliyi

2024.06.06 12:17 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb olunan gəlirlərindən 20 faiz dərəcəsi ilə vergi tutulur.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Əlavə olaraq bildiririk ki, gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri