OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 37-ci iclasında mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilən qərarı Azərbaycan da dəstəkləyib.
Energetika Nazirliyinin məlumatına görə, yeni qərar “OPEC plus” ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur.
Yeni qərara uyğun olaraq, gələn il Azərbaycanın 551 min barel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır. OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.