Bakının bəzi küçələrində günəş elektrik stansiyalarının quraşdırılması planlaşdırılır

2024.05.31 16:11 (UTC+04:00)

ABŞ-nin “Smartflower Solar” şirkətinin Azərbaycandakı rəsmi distribütoru “A-Z CZECH ENGINEERING” şirkəti COP29 ərəfəsində Bakının mərkəzi küçələrində bir neçə müasir tipli ”Smartflower” günəş elektrik stansiyası quraşdırmağı planlaşdırır.

Şirkətdən “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, "Smartflower" davamlı və yaşıl gələcəyə töhfə verən ən ağıllı və qabaqcıl texnologiyadır. “Smartflower” elektrik stansiyası özünü səhər açılan və bütün günü günəşə dönən günəbaxan çiçəyi kimi aparır və bunun sayəsində günəş panellərinin səmərəliliyi adi günəş elektrik stansiyalarından 40% yüksəkdir.

“Smartflower” illik 6500 kVt/saat enerji istehsal edir. Cihaz şəbəkəni enerji ilə təmin edə, yaxud gecə saatlarında evin elektrik tələbatını ödəmək üçün enerjini batareyaya toplaya bilər. Güclü külək zamanı və gecə saatlarında “Smartflower” avtomatik şəkildə bağlanır, həmçinin gün ərzində özü-özünü təmizləyir.

“Smartflower”i uzaqdan idarə etmək və hasil olunan enerjinin həcmini real vaxt rejimində yoxlamaq mümkündür.