Azərbaycan və Vyetnam iş adamları arasında əməkdaşlığa dair sənədlər imzalanıb

2024.05.30 17:07 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri və bir qrup iş adamı KOB-lar arasında əməkdaşlıq imkanlarının araşdırılması və əlaqəli təşkilatlarla institusional əməkdaşlığın qurulması məqsədilə Vyetnamın paytaxtı Hanoy şəhərində səfərdə olublar.

Agentlikdən verilən məlumata görə, səfər çərçivəsində Vyetnamın biznesə dəstək göstərən müxtəlif qurumlarında görüşlər keçirilib.

Səfər çərçivəsində KOBİA və Vyetnamın Beynəlxalq Biznes Əlaqələri Klubu arasında əməkdaşlığa dair sənəd imzalanıb. Sənəddə hər iki ölkənin işgüzar dairələri arasında birgə əməkdaşlığın inkişafına və əlaqələrin təşviqinə dair müxtəlif tədbirlər nəzərdə tutulur.

KOBİA nümayəndələri və iş adamlarımız səfər zamanı Hanoyda Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) təşkilatçılığı ilə keçirilən Qlobal Biznes və İnvestisiya Forumunda iştirak ediblər. Forum çərçivəsində KOBİA və VINEN arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə KOB-lar arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, KOB-larla iş və onlara göstərilən dəstəklər üzrə məlumat və təcrübə mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, KOB-lar və əlaqədar qurumlar üçün təlim və təhsil proqramlarının təşkilinin dəstəklənməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb. Həmçinin, forumda Azərbaycan və Vyetnam iş adamları arasında kənd təsərrüfatı, ət, qənnadı məmulatları və s. qida, kosmetik məhsulların idxal və ixracına, birgə istehsalına dair əməkdaşlıq haqqında niyyət protokolları imzalanıb.