Elektrik avadanlıqlarının istehsalı layihəsinə 1,5 milyon manat investisiya yatırılıb

2024.05.30 16:12 (UTC+04:00)

Ağdam Sənaye Parkının rezidenti “Eel Electric” MMC tərəfindən aparılan tikinti işləri yekunlaşmaq üzrədir.

Bunu jurnalistlərə açıqlamasında müəssisənin təsisçisi və direktoru Vüsal Mirzəyev deyib.

Onun sözlərinə görə, bu günədək görülən işlərə təqribən 1,5 milyon manat investisiya yatırılıb və işlərin 75 faizi yekunlaşıb.

“Türkiyə və Avropa ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq. Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların, əsasən, Qarabağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə olunması planlaşdırılır”, - V.Mirzəyev qeyd edib.

Qeyd edək ki, “Eel Electric” MMC 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssisə Sənaye Parkının ərazisində elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı ilə məşğul olacaq. Belə ki, müəssisədə 35-10 kV paylayıcı qurğular, 0.4 kV paylayıcı panellər, kondensator qurğuları, müxtəlif növ transformator məntəqələrin istehsalı həyata keçiriləcək.