Uyğunluq sertifikatları və bəyannamələrinin reyestri yaradılacaq

2024.05.30 11:50 (UTC+04:00)

“Azərbaycanda texniki reqlamentlə əhatə olunan qeyri-qida mallarına dair uyğunluq sertifikatları və uyğunluq bəyannamələrinin reyestrinin aparılması İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu reyestr istehlakçılara açıq olacaq”.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quliyev deyib.

Onun sözlərinə görə, istehlakçılar istehlak etdikləri malların təhlükəsizliyinə əmin olmaq üçün həmin reyestrdən istifadə edərək malların uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin olub-olmamasını öyrənə biləcəklər: “Hazırda ölkəmizdə texniki tənzimləmə sisteminin yaradılması istiqamətində kompleks işlər aparılır. Sistemin yaradılması özündə bir-biri ilə əlaqəli tədbirləri ehtiva edir. İstənilən sertifikat və bəyannamə hansısa müayinə tədbirləri, araşdırma nəticələri əsasında təqdim edilməlidir. Bu, ölkədə laboratoriya infrastrukturunun təkmilləşdirilməsi məsələsini aktuallaşdırır. Hər hansı məhsulun təhlükəsizlik göstəricilərinin, parametrlərinin yoxlanılması üçün laboratoriyalar mütləq müvafiq maddi-texniki bazaya malik olmalı, texniki reqlamentlə əhatə olunan malların dairəsi müəyyənləşdirilməli, həmin mallara dair təhlükəsizlik normaları, yəni reqlament qəbul olunmalıdır. Digər tərəfdən, uyğunluq bəyannaməsinin, sertifikatların verilməsi zamanı mütləq uyğunluğun qiymətləndirilməsi sxemlərinin tətbiqi prosedurlarına riayət olunmalıdır”.

E.Quliyev əlavə edib ki, artıq uyğunluğun qiymətləndirilməsi və sxemlərin tərtibi prosedurları layihəsi beynəlxalq təcrübə əsasında hazırlanaraq razılaşdırılmaq üçün bütün müvafiq qurumlara, o cümlədən Ədliyyə Nazirliyinə təqdim edilib. Hazırda layihəyə baxılır.