İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.
Vergi Məcəlləsinə 2024-cü ilin yanvarın 1-dən əlavə edilmiş 175.13-cü maddəyə əsasən, bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq, idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri həmin məhsullara görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş məlumat formasını uçotda olduqları vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd olunan müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.
Qeyd olunanlara əsasən, müəssisə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəyi tarixədək müvafiq məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməklə idxal olunan kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirə və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablaya bilər.
Əsas: Vergi Məcəlləsinin 175.12-ci və 175.13-cü maddələri