Xarici investorlar hərracda necə iştirak edə bilərlər?

2024.05.29 16:31 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda ölkə vətəndaşları ilə yanaşı, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici ölkələrin hüquqi şəxsləri də iştirak edə bilərlər.

Dövlət Xidmətinin məlumatına görə, bunun üçün Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi ilə əmlakın ilkin satış qiymətinin dəyərinə uyğun beh ödəyərək, sifariş verib təşkil ediləcək hərraclarda iştirak edə bilərlər.

Xarici hüquqi şəxslər, daimi və ya müvəqqəti yaşamaq üçün icazəsi olmayan əcnəbilər və ya vətəndaşlığı olmayanlar tələb olunan sənədləri (hüquqi şəxslər nizanmnaməsini və qeydiyyata alınma sənədlərini, müəssisə adından etibarnamə, digərləri pasport və s.) Azərbaycan Respublikasının həmin ölkədəki səfirlik və konsulluqlarında tərcümə olunub, apostil ilə təsdiq edildikdən sonra əmlakın ilkin satış qiymətinin dəyərinə uyğun beh ödəyərək, sifariş verməklə hərraclarda iştirak etmək imkanı əldə edə bilərlər.

Sifarişlər yalnız Əmlak Xidmətləri Məkanında və ya müvafiq ərazi hərrac komissiyalarında qəbul edilir.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlaklar üzrə seçim etmək mümkündür.

Qeyd edək ki, xarici investorlar Azərbaycanda əmlakın özəlləşdirilməsində (torpaq sahələri istisna olmaqla) qanunvericlikdə nəzərdə tutulmuş qaydada alıcı kimi iştirak edə bilərlər. Belə ki, Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrindən yalnız icarə hüququ əsasında istifadə edə bilərlər.