Qazaxıstan parlamenti Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi ratifikasiya edib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Qazaxıstan parlamentinin məlumatına istinadən xəbər verir ki, sənəd Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan arasında tranzit-nəqliyyat potensialının və ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.
Saziş çərçivəsində TDT-yə üzv dövlətlər arasında dəmir yolu, su və avtomobil nəqliyyatı ilə həyata keçirilən yükdaşımaların həcmi artırılacaq. Tərəflər, həmçinin, kombinə edilmiş yükdaşımaların təşviqində əməkdaşlıq edəcək və qarşılıqlı yardım göstərəcəklər. Bu məqsədlə maraqlı dövlət orqanlarının və təşkilatların nümayəndələrindən ibarət müvafiq məsələlərin müzakirəsi və həllinə cavabdeh olan Birgə Komitə yaradılır.
Saziş ratifikasiya olunduqdan sonra tərəflər tranzit daşımalarla bağlı rəqəmsal texnologiyaların tətbiqi və malların multimodal daşınmasının təmin edilməsi üzrə tədbirlər görə biləcəklər. Avtomobil nəqliyyatında daşıma qaimələrinin və yol vərəqələrinin elektronlaşdırılmasına keçid məqsədilə Vahid Nəqliyyat Sənədlərinin İdarə Edilməsi Sistemi hazırlanıb.