“ƏDV geri al” – nağdsız ödənişin faydalı nəticələri MƏQALƏ

2024.05.29 14:05 (UTC+04:00)

Son 5 ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb. Son 4 ildə bir POS-terminal üzrə ödənişlər 4 dəfə artaraq təxminən 10 min manata çatıb. Bu ilin aprelin 1-ə isə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22%-dən çox artaraq 17,4 milyon ədəd olub. Cari ilin birinci rübündə kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 80%-dən çox artaraq 16 milyard manatı keçib. Ölkədaxili kart ödənişlərinin nağdsız dövriyyədə xüsusi çəkisi ötən illə müqayisədə 11%-ə yaxın artaraq 62%-ə bərabər olub.

Göründüyü kimi, nağdsız ödənişlər seqmentində əldə edilən bu nəticələr kifayət qədər yüksəkdir və ödəniş vərdişlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyinin bariz nümunəsidir.

Nağdsız ödənişlər seqmentində əldə edilən nəticələr kifayət qədər yüksəkdir və
ödəniş vərdişlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyinin bariz nümunəsidir

Uzun yolun başlanğıcı

Azərbaycanda nağdsız ödənişlərin tətbiqi son illər ərzində genişlənib. İlk vaxtlarda cəmiyyət ödəniş üsullarında daha konservativ mövqe nümayiş etdirərək nağd alış-verişə üstünlük verirdi. Bir neçə il əvvələdək kartla ödənilən əməkhaqqını nağdlaşdırmaq üçün bankomatların qarşısında daha çox sıxlıq müşahidə olunurdu. Səbəb isə sadə idi. Uzun illər yaranmış vərdişlər, nağd pulun daha etibarlı hesab edilməsi, mağazalarda kartla ödənişlərin daha çox zaman tələb etməsi və s. Bir sözlə, cəmiyyət istər psixoloji, istərsə də mövcud resurslar baxımdan nağdsız ödənişə keçidə hazır deyildi. Kassada çalışanlar da nağdsız ödəniş qəbul etməkdə maraqlı deyildilər.

Bir neçə il əvvəl qabaqcıl ölkələrin ödəniş mexanizmlərindən gətirdiyimiz nümunələr hazırda öz ölkəmizdə də mövcuddur. İndi vətəndaşlar ödənişləri, əsasən, kartla həyata keçirirlər. Hətta kartla ödənişin qəbul edilmədiyi bəzi mağazalardan şikayət edirlər. Nağdsız ödənişləri dəstəkləməyən alış-veriş mərkəzləri əhali tərəfindən qınaq obyektinə çevrilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən
həyata keçirilən “ƏDV geri al” layihəsi ictimai iştirakçılığı
təmin etməklə iqtisadiyyatımız qarşısında müəyyənləşdirilmiş
hədəflərin bir neçəsinə eyni zamanda çatmağa imkan yaratdı

Nağdsız ödəməyin real faydaları

Əldə edilən rəqəmlərdən də göründüyü kimi, ölkəmizdə nağdsız ödənişlərə keçid sürətli şəkildə baş verib. Bunun üçün dövlət və özəl sektor tərəfindən irəli sürülmüş təşəbbüslərin böyük əhəmiyyəti var. Bu məqamda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən “ƏDV geri al” layihəsinin rəqəmsal ödənişlərin artmasında rolunu xüsusi qeyd etmək yerinə düşər. Bu layihə ictimai iştirakçılığı təmin etməklə iqtisadiyyatımız qarşısında müəyyənləşdirilmiş hədəflərin bir neçəsinə eyni zamanda çatmağa imkan yaratdı. Belə ki, 2019-cu ildən etibarən iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində dövriyyələrin dürüst bəyan edilməsi, alış-veriş zamanı çeklərin tələb edilməsi və nağdsız ödənişlərə üstünlük verilməsi üçün intensiv tədbirlər həyata keçirildi. “ƏDV geri al” layihəsi göstərilən hər üç istiqamətdə hədəflərə çatmağa imkan verdi. 4 il əvvəl ölkəmizdə bu layihənin həyata keçirilməsi üçün dövriyyələrin şəffaf bəyan edilməsini təmin edən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıldı. Bununla da vergi orqanları dövriyyələrə elektron nəzarət etmək imkanı əldə etdi ki, bu da gəlirlərin büdcədən yayındırılmasının qarşısını almaq üçün böyük irəliləyiş oldu. Həmin nəzarət-kassa aparatları vasitəsilə əldə edilmiş çeklərin üzərinə QR kod yerləşdirildi ki, bu kodla alıcılar mağazalarda aldıqları məhsullar üçün ödədikləri ƏDV-nin bir hissəsini geri ala bilsinlər. Beləliklə, çek tələb etmək cəmiyyət üzvləri arasında vərdişə çevrildi. Digər tərəfdən isə alış-verişini nağdsız ödənişlə həyata keçirən müştərilərə ƏDV-nin daha çox hissəsinin (17,5%) qaytarılması ilə bağlı qanunvericiliyə dəyişiklik edildi ki, bu da təmassız ödəniş üsulunu daha da təşviq etdi. Beləliklə, insanlar nağdsız ödənişin faydalarını öz gəlirlərini artırmaqla hiss etməyə başladılar. Üstəlik, banklar da nağdsız ödəniş edən vətəndaşlara əlavə faydalı imkanlar yaratmaqla prosesə töhfə verdilər. Bu isə, öz növbəsində, ümumi ödəniş vərdişlərinin dəyişməsinə və müsbət nəticələrin əldə edilməsinə yol açdı.

Bu gün “ƏDV geri al” layihəsi cəmiyyətdə kifayət qədər nüfuza malikdir.
ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalının 2,7
milyondan çox istifadəçisi var. 2024-cü ilin 1 aprel tarixinədək
portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,5 milyarddan
çox kassa çeki üzrə 559,5 milyon manat ƏDV məbləği geri qaytarılıb

Bu gün “ƏDV geri al” layihəsi cəmiyyətdə kifayət qədər nüfuza malikdir. ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalının 2,7 milyondan çox istifadəçisi var. 2024-cü ilin 1 aprel tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,5 milyarddan çox kassa çeki üzrə 559,5 milyon manat ƏDV məbləği geri qaytarılıb. Bundan başqa, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-aprel aylarında 6,5 milyon manat təşkil edib. Layihədən əldə edilən nəticələr onun daha geniş sahələrdə tətbiqini təmin edib. Digər tərəfdən də bu, iqtisadi sahədə rəqəmsal layihələrin tətbiqi üçün nümunəvi modeldir.

Maliyyə sektorunda getdikcə dəyişən müştəri davranışları və bununla bağlı tələblər yeni hədəflər yaradır. 2022─2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərində maliyyə sektorunun bütün seqmentlərinin iqtisadiyyatda rolunun artırılacağı, iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatlarının həcminin 25% artması, ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payının 55%-ə çatacağı nəzərdə tutulub. Bu tədbirlər isə, öz növbəsində, ölkə iqtisadiyyatında maliyyə intizamının güclənməsinə, büdcə gəlirlərinin artmasına və əhalinin sosial rifahına effektiv təsir edəcək.

Gülay NƏBİYEVA