“Azərbaycan həm quruda, həm də dənizdə əhəmiyyətli potensialından istifadə edərək, bərpaolunan enerji sektorunu fəal şəkildə inkişaf etdirir”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına yaşıl enerji sahəsində ekspert, “Gulf Observer” jurnalının baş redaktoru Fatimə Tuz Zəhra deyib.
Onun sözlərinə görə, ölkə, əsasən, günəş enerjisindən quruda 27 GVt bərpaolunan enerji və dənizdə 135 GVt külək enerjisi əldə edə biləcək.
“Bu rəqəmlər Dünya Bankının hesablamaları ilə təsdiqlənir və Xəzər dənizində və Azərbaycanın regionlarında mühüm imkanların olduğunu göstərir. Azərbaycan son illərdə yeni bərpaolunan enerji layihələrinin inkişafında davamlı irəliləyiş əldə edib ki, bu da onun öz enerji kompleksinin şaxələndirilməsinə və qlobal ekoloji məqsədlərə uyğun olaraq davamlılığın artırılmasına möhkəm sadiqliyini əks etdirir”, - Fatimə Tuz Zəhra əlavə edib.