İqor Levitin: “Şimal-Cənub” layihəsi üç prioritet istiqaməti nəzərdə tutur”

2024.05.29 13:10 (UTC+04:00)

“Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Özbəkistanın daxil olduğu üç istiqamət prioritet hesab edilir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi İqor Levitin deyib.

“Bizim üç istiqamətimiz var - Rusiya, Azərbaycan, İran - biz bunu qərb istiqaməti adlandırırıq; Xəzər - mərkəzi; şərq - Qazaxıstan, Özbəkistan, Türkmənistan. Biz bu üç ümumi istiqamətə “Şimal-Cənub” deyirik ki, bu da növbəti beş il üçün prioritet hesab olunur", - İ.Levitin qeyd edib.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Sankt-Peterburqdan Mumbay limanınadək (Hindistan) uzunluğu 7,2 min km olan multimodal marşrutdur. Dəhlizin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), həmçinin qərb və şərq (yerüstü).