Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsi üçün San-Fransiskoda təşkil olunan Qlobal Texnologiya Forumunda iştirak edir.
Mərkəzin məlumatına görə, Forumda bu il 219 təşkilatı təmsil edən 300-ə yaxın qlobal lider iştirak edir. DİF-in 19 mərkəzi, o cümlədən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də tədbirdə təmsil olunur. Ümumilikdə 110 spikerin forum çərçivəsində çıxış edəcəyi gözlənilir.
Tədbirin keçirilməsində əsas məqsəd DİF tərəfindən inkluziv iqtisadiyyatlar və cəmiyyətlərə texnoloji yeniliklər vasitəsilə töhfə verməkdir.
Forum çərçivəsində 4SİM-in icraçı direktoru Fariz Cəfərov DİF-in Enerji və Materiallar Mərkəzi tərəfindən təşkil olunan “Yeni Enerji Bərabərliyi (A new Energy Equation)” adlı sessiyada spiker qismində çıxış edəcək. F.Cəfərov, həmçinin, üzv olduğu “Süni İntellekt İdarəetmə Alyansı” platformasının üzvləri ilə birgə toplantıda iştirak edəcək.
Səfər çərçivəsində Silikon vadisi və Stanford Universiteti ilə əməkdaşlıqla bağlı görüşlər də nəzərdə tutulub.