106 illik şərəfli müstəqillik tariximiz...

2024.05.28 09:30 (UTC+04:00)

1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş oldu. Bəyannamənin qəbulu ilə xalqımız çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmək, hürr yaşamaq iradəsini ifadə etdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti formalaşdı, ilk dəfə nizami ordu quruculuğu istiqamətində addımlar atıldı. Dövlət atributları və sərhədlər müəyyən edildi, respublikanın beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi tanınması istiqamətində mühüm addımlar atıldı. Qısa müddət ərzində elm və təhsilin, səhiyyənin, sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı əvəzsiz addımlar atıldı, zəruri qanunvericilik bazası yaradıldı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bir çox mütərəqqi addımları ilə bərabər, həm də müsəlman Şərqinin ilk demokratik respublikası kimi tarixə düşdü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 28 May tarixi Müstəqillik Günü kimi qeyd edilir. Artıq dörd ildir ki bu şərəfli tarixi - 28 Mayı xalqımız qalib xalq kimi qarşılayırıq.

2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə müzəffər Ali Baş Komandan başda olmaqla qalib Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq, dövlətimizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığını təmin etdi.

19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan ordusunun müzəffər lider cənab İlham Əliyevin rəhbərliyi altında zərgər dəqiqliyi ilə həyata keçirdiyi və dünya anti-terror mübarizəsi tarixinə möhürünü vuran tədbirlərlə dövlətimizin bütün əraziləri boyu dövlət suverenliyi təmin olundu, separatizmin, terorrun izi ölkə ərazisindən əbədi olaraq silindi. Bir nəfər dinc sakinin də xəsarət almadığı, mülki obyektlərin hədəfə götürülmədiyi anti-terorr tədbirləri Ermənistanın ərazilərimiz daxilindəki ordu qalıqlarının, terrorçu birliklərin və qanunsuz silahlı şəxslərin ölkə sərhədlərindən kənara atılması, eləcə də separatizmin kökünün kəsilməsi ilə müqəddəs arzularımızı reallaşdırmış oldu.

Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, xalqımızın ədaləti, mərdliyi hesabına qazandığımız müstəqilliyimiz əbədi olsun.

Bayramımız - Müstəqillik Günümüz mübarək!

Anar ƏLİYEV,

Tarix üzrə fəlsəfə doktoru