Malların risk qrupları üzrə bölgüsü aparılıb

2024.05.27 14:02 (UTC+04:00)

“Hazırda malların risk bölgüsü üzrə siyahısı aidiyyəti üzrə qurumlarla razılaşdırılır”.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quliyev deyib.

O bildirib ki, qanunvericiliyin tələblərinə əsasən, yalnız yüksək riskli malların sertifikatlaşdırılması, aşağı və orta riskli mallar üçün isə istehsalçı və idxalçı tərəfindən uyğunluq bəyannaməsinin tərtibi nəzərdə tutulur: “Bu prosedurlar onların həm maliyyə, həm də vaxt baxımından itkilərinin qarşısının alınmasına kömək edəcək. Bu baxımdan, texniki reqlamentlərlə əhatə olunan malların siyahısına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən malların risk qrupları üzrə bölgüsü aparılıb. Təbii ki, bütün bu tədbirlərin icrası beynəlxalq təcrübənin təhlilləri əsasında reallaşdırılır. Hazırda malların risk bölgüsü üzrə siyahısı aidiyyəti üzrə qurumlarla razılaşdırılır. Bir çox mallar var ki, onlar aidiyyəti qurumların nəzarət sahələrinə aiddir. Bu baxımdan həmin sənədin formalaşmasında aidiyyəti qurumların rolu böyükdür”.

E.Quliyev qeyd edib ki, risk qrupları üzrə bölgü texniki reqlamentlərin əhatə etdiyi malları əhatə edəcək, yəni hansı kateqoriya mallar üçün texniki reqlament qəbul olunacaqsa, həmin reqlamentin əhatə dairəsinə düşən bütün mallar bu siyahıda olacaq: “Qeyd etməliyəm ki, bu il risk qruplarının təyin edilməsi meyarları qəbul olunub. Təsnifatın aparılmasında bu meyarlar əsas götürülür. Həmin meyarlar əsasında bütün qeyri-qida istehlak mallarının risk qrupları üzrə bölgüsünün aparılması nəzərdə tutulur. Mühüm məqam ondan ibarətdir ki, yalnız yüksək riskli mallar sertifikatlaşdırılacaq. Sertifikatların verilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanuna müvafiq olaraq, akkreditasiya edilmiş, uyğunluğu qiymətləndirən müstəqil qurumlar tərəfindən həyata keçirilir. Orta və aşağı risk qruplarına münasibətdə isə sahibkarın, yəni təsərrüfat subyektinin özünün bəyanı olacaq. Bu bəyan müayinə, tədqiq, sınaq və sübutlar əsasında ediləcək”.

İlhamə İSABALAYEVA