Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “The Saudi Food Show 2024” beynəlxalq qida sərgisi keçirilib.
Üç gün davam edən sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə 20 Azərbaycan şirkəti məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edib. Stenddə ölkəmizdə istehsal olunan təbii bal, qənnadı məmulatlar, çay, balıq kürüsü, müxtəlif qazlı içkilər, dondurmalar, meyvə-tərəvəz və digər məhsullar yer alır, Azərbaycan məhsulları haqqında videoçarxlar nümayiş olunub. Stendi ziyarət edən potensial idxalçılar tərəfindən xüsusən qara kürü, meyvə-tərəvəz, qənnadı məmulatları və alkoqolsuz içkilər kimi yerli məhsullarımıza maraq göstərilib. Sərgi çərçivəsində yerli və xarici sahibkarlar arasında görüşlər keçirilib, potensial ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, builki "The Saudi Food Show" sərgisinə 97 ölkədən 1 000-dən çox şirkət qatılıb. Azərbaycan sərgidə ilk dəfədir iştirak edib. Bundan başqa, sərgidə Türkiyə, ABŞ, Polşa, İsveçrə, Fransa, Koreya, İspaniya, Pakistan, Braziliya, Malayziya, Qətər, İraq və Kamboca kimi ölkələr də vahid ölkə stendi ilə çıxış edib.