Sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitin xüsusi hesaba köçürülməsi üçün müraciətin edilməsi

2024.05.24 16:05 (UTC+04:00)

Xüsusi hesab əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.

Xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs https://e-sosial.az/#/eServices internet portalı vasitəsilə gücləndirilmiş elektron imza və ya asan imza ilə daxil olaraq elektron ərizə ilə müraciət etməlidir. Müraciət qəbul olunduqdan sonra şəxsin xüsusi hesabı aktivləşir. Xüsusi hesab aktivləşdirildikdən sonra sığortaolunan həmin hesaba ödəniş edə bilər. Fərdi uçot sistemində qeydiyyatı olmayan şəxs üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsinə icazə verilmir. 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyası hüququna uyğun olaraq əmək pensiyası kapitalı formalaşan, lakin dövlət sosial sığorta sistemində fərdi hesabı olmayan şəxslər üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsi onlara fərdi hesab açıldıqdan sonra həyata keçirilir.

Sığortaolunanın ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri xüsusi hesaba ödənilmiş əlavə vəsaitlərdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada pensiya təyinatı üçün istifadə etmək hüququna malikdirlər.