Taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi və sosial ödənişləri

2024.05.31 12:27 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində fərdi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin şəxslər fəaliyyət göstərdikləri hər ay üçün müvafiq qaydada fərqlənmə nişanı almalı, əldə etdikləri gəlir məbləğindən asılı olmayaraq, dövlət büdcəsinə sabit məbləğdə aylıq ödəniş etməlidirlər.

Vergi Məcəlləsinin 220.5-ci maddəsinin tələblərinə uyğun olaraq, taksi xidməti göstərənlər hər ay bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat məbləği əsasında müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış vergi məbləğini büdcəyə ödəməlidirlər. Həmin əmsallar aşağıdakı qayda üzrə müəyyən edilib:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2 əmsal;

- Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla) istisna olmaqla) - 1,5 əmsal;

- digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərləri istisna olmaqla) – 1 əmsal.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.10-cu maddəsinə əsasən, fərqlənmə nişanı almış vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqının 6 faizi miqdarında məbləğin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Bu əmsallar aşağıdakı qaydada müəyyən edilib:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;

- Digər şəhər və rayonlarda – 1 əmsal.

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərqlənmə nişanı əldə edərək fəaliyyət göstərən vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Göründüyü kimi, bu sığorta növünün hesablanması zamanı heç bir əmsal tətbiq edilmir.