Elektron qaimə-fakturanın gec göndərilməsinə görə maliyyə sanksiyasının tətbiqi qaydası

2024.05.24 09:45 (UTC+04:00)

Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir:

- Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt;

- əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində;

- işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində;

- Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində;

- Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda - avansın alındığı gün.

Misal 1: Tutaq ki, vergi ödəyicisi 10 mart 2024-ci ildə 4.000 manatlıq malları qarşı tərəfə - topdansatış və yaxud pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkara təqdim edib. Ancaq mallar təqdim olunduğu gündən qarşı tərəfə elektron qaimə-faktura 5 gün ərzində göndərilməyib. Qeyd etmək istərdik ki, vergi ödəyicisi belə hala birinci dəfə yol verir. Bəs bu zaman maliyyə sanksiyası necə hesablanır?

Vergi ödəyicisi tərəfindən elektron qaimə-fakturanın gec göndərilməsi müəyyən edildikdə, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə uyğun olaraq, malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Nümunədə göstərilən halda vergi ödəyicisinə 400 manat məbləğində cərimə tətbiq olunacaq:

4.000 x 10% = 400 manat.