Əvəzçilik üzrə əmək müqaviləsinin tələbləri

2024.05.27 10:03 (UTC+04:00)

Əmək Məcəlləsinə əsasən, əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

Misal 1: İşçi “A” MMC-də əvəzçilik üzrə mühasib vəzifəsinə işə qəbul edilib. İşçinin iş saatları necə tənzimlənməlidir?

Qeyd etdiyimiz kimi, əvəzçilik üzrə iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Lakin işçinin gündəlik normal iş vaxtının müddəti 4 saatdan və gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 20 saatdan çox ola bilməz.

Misal 2: İşçi əsas iş yeri üzrə 5 günlük qrafikdə olmaqla gün ərzində 2, həftə ərzində 10 saat çalışır. Bu halda əlavə iş yerində 5 günlük qrafikdə olmaqla gündəlik 6, həftə ərzində 30 saat çalışa bilərmi

Əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla müəyyən edildiyi üçün bu halda da günlük 4 saat və həftəlik 20 saat həddinin aşılmaması gözlənilməlidir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.

Misal 3: İşçinin “A” MMC-də əsas iş yeri üzrə iş saatları 09:00-dan 18:00-dək müəyən edilib. Əməkdaşın “B” MMC-də əvəzçilik üzrə iş saatları isə 18:00-dan sonra müəyyən edilib.

Bu zaman işçinin əvəzçilik üzrə iş saatları əsas iş yeri üzrə iş saatları ilə eyni vaxta təsadüf etmirsə, əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər.

Misal 4: Yaşı 18-dən az olan işçi həm əsas, həm də əvəzçilik üzrə işləyir. Bu halda işçinin iş saatları neçə tənzimlənməlidir?

Yaşı 18-dən az olan işçilər üçün həftəlik iş saatı 36 saatdan çox olmayaraq müəyyən edilib. Bu zaman işçi əsas iş yerində iş saatları 18 saatdan çox olmayaraq, əvəzçilik qaydasında əlavə iş yerində də iş saatları 18 saatdan çox olmayaraq müəyyən edilməlidir.

İşçinin əmək kitabçası əsas iş yerində saxlanılır və əvəzçiliklə işləyən iş yerinə təqdim edilmir. Lakin işçi bunu tələb edərsə, o zaman əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.

Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən, əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl olunmalıdır.

Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas iş yerində çalışan işçilər üçün müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, Əmək Məcəlləsinin 110-cu maddəsinin 2-ci hissəsinə görə, əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Yəni işçinin əlavə iş yerində həftə ərzində çalışa biləcəyi maksimum saatın 20 olması məzuniyyət hüququnun bu saata uyğun proporsional qaydada azaldılmasına əsas vermir.