Qadın sahibkarlar işğaldan azad olunmuş ərazilərdə fəaliyyətdə maraqlıdırlar

2024.05.22 13:50 (UTC+04:00)

"İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişaf etdirilməsi prioritetdir. Sevindirici haldır ki, həmin bölgələrdə biznes qurulmasına maraq göstərənlər arasında qadın sahibkarlarımız da var və bu istiqamətdə qadınların rolunun artması arzuolunandır".

Bu fikri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "SHE Congress"dəki çıxışında səsləndirib. Onun sözlərinə görə, bu günədək Agentliyin dəstəyi ilə keçirilən sərgi və yarmarkalarda 1300-dən çox sahibkar iştirak edib. Onların təxminən 50 faizdən çoxunu qadınlar təşkil edib: "Agentliyin ayrı-ayrı mandatları çərçivəsində müxtəlif mexanizmlər var ki, qadın sahibkarlar da onlardan yararlanmalıdır. Bəzən sahibkarlar bu dəstək mexanizmlərindən xəbərsiz olurlar. Bu baxımdan, xüsusilə regionlarda, qadın sahibkarlar üçün bu problemi aradan qaldırmağa çalışırıq".

O.Məmmədov əlavə edib ki, ötən dövr ərzində təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün 13 qadın sahibkarın təqdim etdiyi layihələrə KOBİA tərəfindən müxtəlif qrantlar verilib. 23 qadın sahibkara isə üç il müddətinə innovasiya fəaliyyətində əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.