Azərbaycan və Belarus arasında standartlaşdırma sahəsində Anlaşma Memorandumu imzalanıb

2024.05.22 16:10 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsinin (Госстандарт РБ) sədri Yelena Morqunovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İnstitutdan verilən məlumata görə, görüşdə AZSTAND-ın Baş direktoru İlham Bayramov qurumun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər, ölkədə standartlaşdırma sahəsində görülən işlər, o cümlədən aparılan islahatlar barədə məlumat verib.

Bildirilib ki, hazırda Azərbaycanda standartlaşdırma sisteminin inkişafı və müasir tələblərə uyğunlaşdırılması, texniki reqlamentlərin Avropa İttifaqı direktivləri əsasında təhlükəsizlik tələblərinə uyğun olaraq hazırlanması, beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görülür.

Öz növbəsində Y.Morqunova keyfiyyət sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə idarəetmə sistemləri üzrə qiymətləndirmə sənədlərinin qarşılıqlı tanınmasının vacibliyini vurğulayıb. İnsanların həyat və sağlamlığı, həmçinin ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik məhsullarının istehsalında elmi-texniki əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüşün yekununda tərəflər arasında Standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və informasiya təminatı sahəsində Anlaşma Memorandumu imzalanıb.