Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, qurum tərəfindən 2024-cü ilin yanvar-aprel ayları ərzində 18 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 233 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-aprel ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 193 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 21 onlayn qoşulma reallaşıb.
Cari ilin ilk 4 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 35 milyon manat təşkil edib, büdcə proqnozunun icrası 116,9 faiz təmin olunub.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 301-i qeyri-yaşayış, 735-i isə torpaq sahəsi üzrə olmaqla 1036 yeni icarə müqaviləsi bağlanılıb.
2024-cü ilin ilk 4 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 12,4 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım qeydə alınıb.
Beləliklə, 2024-cü ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 47,4 milyon manat vəsait daxil olub.