Özbəkistan Azərbaycan ərazisindən yükdaşımaları artırmaq niyyətindədir

2024.05.21 15:20 (UTC+04:00)

Özbəkistan bu il Azərbaycan ərazisindən ən azı 1 milyon ton yük daşımaq niyyətindədir.

Bu barədə jurnalistlərə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov məlumat verib.

Nazirin sözlərinə görə, tərəfdaşlar və Azərbaycan hökuməti bu təşəbbüsləri tam dəstəkləyir və ölkə ərazisindən yükdaşımaların həcminin artmasına kömək edir.

L.Kudratov əlavə edib ki, söhbət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə tədarükdən gedir: şəkər, gübrələr, tikinti materialları, metal məmulatları və digər mallar Bakı dəniz limanına, oradan isə avtomobil və dəmir yolu ilə multimodal daşımalar vasitəsilə başqa bazarlara gedir.

Nazir yükdaşımaların dinamikasının yaxşı olduğunu, bu il Azərbaycan ərazisindən yükdaşımalarda xeyli artım müşahidə olunduğunu vurğulayıb.