Türkiyədə İnternet reklamlarına vergi qoyulub

2018.12.27 12:20 (UTC+04:00)

Türkiyə qanunvericiliyində edilmiş dəyişikliyə əsasən, internetdə yayılan reklamların böyük hissəsinə yanvarın 1-dən 15 faizlik vergi tətbiq olunacaq.

Dəyişikliklərdə göstərilir ki, xaricdə təsis edilmiş hər hansı şirkət vasitəsilə Türkiyədən reklam toplayıb bunu internet mühitində yayan şirkətlərdən 15 faizlik vergi tutulacaq. Bu isə o deməkdir ki, "Google", "Youtube", "Facebook" kimi axtarış və sosial media qurumlarına reklam verənlər hər yüz lirənin 15 lirəsini Türkiyənin vergi orqanına köçürməli olacaq. Qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, reklamı verən Türkiyədə qeydiyyata alınmış şirkət olduqda, həmin şirkət mənfəət vergisinin və ya qurumlar vergisinin ödəyicisi ola bilər. Bu vergilərdən hər hansı birinin ödəyicisi olan şirkət xaricdə təsis edilmiş şirkətlərə reklam verdikdə yeni 15 faizlik vergini mütləq ödəməli olacaq. Reklam ölkə daxilində təsis edilmiş şirkət vasitəsilə verildikdə isə bu vergi tətbiq olunmayacaq. Çünki ölkə daxilində təsis edilmiş şirkət öz mənfəət vergisini ödədiyi üçün əlavə vergi ödəməsi ikiqat vergitutmaya səbəb olur.