Mikayıl Cabbarov: “Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq çoxtərəfli xarakter daşıyır”

2024.05.21 13:17 (UTC+04:00)

“Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda çıxışı zamanı deyib.

Nazir pambıqçılıq və ipəkçilik kimi ənənəvi sahələrdə mühüm irəliləyişlərin olduğunu, İmişli rayonunda birgə pambıqçılıq klasterinin yaradılması istiqamətində işlərin aparıldığını vurğulayıb.

İqtisadi əlaqələrin daha bir prioritet sahəsi olan investisiya əməkdaşlığına toxunan nazir ötən ilin əvvəlində yaradılmış, 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti haqqında danışıb. Bildirib ki, onun müəyyən edilmiş fəaliyyət istiqamətləri iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməklə, qarşılıqlı investisiyaların, bütövlükdə iqtisadi-ticarət tərəfdaşlığın stimullaşdırılmasına hesablanıb.

Ümumilikdə, hər iki ölkə kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq və yük daşımaları da daxil olmaqla müxtəlif sektorlarda geniş əməkdaşlıq gündəliyi hazırlayıb. M.Cabbarov qeyd edib ki, bu sahələrdə həyata keçirilən layihələr iqtisadi artımın stimullaşdırılması, yeni iş yerlərinin yaradılması və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

Nazir xatırladıb ki, Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına qardaşlıq dəstəyi təklif edən ilk ölkə olub. Ötən ilin avqustunda hər iki ölkə prezidentinin iştirakı ilə Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəbin açılışı olub.

Birgə layihələrdən danışan M.Cabbarov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə tekstil sənayesində birgə işlərin həyata keçirilməsi, ilkin mərhələdə 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Nazir Özbəkistandan olan həmkarlarını bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyə dəvət edib. O, ölkəmizin ətraf mühitin mühafizəsinə sadiq olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın COP29-un ev sahibi seçilməsi respublikanın iqlim dəyişikliyi və davamlı inkişafla bağlı qlobal müzakirələrin irəliləyişində fəal rolunu nümayiş etdirir.