Lalə Əkbərova: “Mənzillərə çıxarışın verilməsi binanın istismara icazəsi olduğu təqdirdə həyata keçirilir” MÜSAHİBƏ

2024.05.21 12:32 (UTC+04:00)

- Lalə xanım, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olması nə deməkdir?

- Mülkiyyət hüququ əsas insan hüquqlarından biri kimi Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilib. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəlləyə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst şəkildə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (çıxarışın alınması) həmin daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (girov qoyulmasının), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsidir.

Qanuna əsasən, hüquqi və fiziki şəxslər daşınmaz əmlakın dövlət reyestrini aparan orqana
mülkiyyət hüququnun qeydiyyata alınması üçün ərizə ilə müraciət etməlidirlər

- Daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmək üçün prosedurlar nələrdir?

- Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduru “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Qanuna əsasən, hüquqi və fiziki şəxslər daşınmaz əmlakın dövlət reyestrini aparan orqana mülkiyyət hüququnun qeydiyyata alınması üçün ərizə ilə müraciət etməlidirlər. Ərizəyə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olan və bu Qanunun 8-ci maddəsində və ya 439 nömrəli fərmanda müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əlavə edilməlidir. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbuledilmə ardıcıllığı ilə aparılır. Ərizəçilərin zərurətlə bağlı arzularına uyğun olaraq, qanunvericiliyə uyğun qaydada ərizənin sürətləndirilməklə icra edilməsi də mümkündür.

Notariuslar tərəfindən təsdiq edilən və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olan sənədlərin (məsələn, alğı-satqı, bağışlama, dəyişdirmə və sair müqavilələrin, nisyə alğı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildirişin, vərəsəlik hüququ haqqında şəhadətnamənin) qəbulu qaydası isə “Bir pəncərə” prinsipi əsasında tənzimlənir. Belə ki, notariuslar tərəfindən müvafiq sənədlər elektron qaydada daşınmaz əmlakın dövlət reyestrinə göndərilir. Həmin notarial sənəd özü bir ərizə hesab olunur, buna görə də hüquq əldə edənin (çıxarış alanın) qeydiyyat orqanına ayrıca ərizə verməsinə ehtiyac qalmır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması elektron qaydada tərtib edilən çıxarışla rəsmiləşdirilir.

Notariuslar tərəfindən təsdiq edilən və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı
üçün əsas olan sənədlərin qəbulu qaydası “Bir pəncərə” prinsipi əsasında tənzimlənir

- Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar hansılardır? Hansı hallarda bu hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər?

- Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş müvafiq siyahı ilə müəyyən edilir. Eyni zamanda, hüquqların dövlət qeydiyyatından imtina əsasları qeyd olunan Qanunun 15-ci maddəsində müəyyən edilib (https://e-qanun.az/framework/5456#_edn46 ).

- Şəxs çoxmərtəbəli binalardakı mənzillərə mülkiyyət hüququnu təsdiq etmək üçün hansı prosedurdan keçməlidir?

- Mənzil-tikinti kooperativi (MTK) tərəfindən inşa edilmiş çoxmərtəbəli binada yerləşən mənzilə çıxarışın alınması üçün tələb olunan sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə uyğun olaraq, qeydiyyatın aparılması üçün tələb olunan hüquqmüəyyənedici sənədlər bunlardır:

1) MTK binasında yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı;

2) Qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsini təsdiq edən sənəd (maliyyə arayışı nəzərdə tutulur).

Mənzil-tikinti kooperativi olmayan hüquqi şəxslər, eləcə də fiziki şəxslər tərəfindən
inşa edilmiş çoxmənzilli binada yerləşən mənzilə çıxarışın alınması üçün tələb olunan
sənəd notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsidir

Mənzil-tikinti kooperativi olmayan hüquqi şəxslər, eləcə də fiziki şəxslər tərəfindən inşa edilmiş çoxmənzilli binada yerləşən mənzilə çıxarışın alınması üçün tələb olunan sənəd isə notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsidir. Bunun üçün, ilk növbədə, həmin hüquqi və ya fiziki şəxs mənzil üzərində özünün mülkiyyət hüququnu qeydiyyata aldırmalı və bundan sonra müvafiq mənzili vətəndaşa satmalıdır.

Eyni zamanda, qeyd edilməlidir ki, mənzillərə çıxarışın verilməsi müvafiq yaşayış binasının istismara icazəsi və ya istismara qəbul aktı olduğu təqdirdə həyata keçirilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə görə, tikinti obyektinin istismarına icazə verilməsi - tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.

İlhamə İSABALAYEVA