Ərzaq məhsullarına dair tələbatlar “tedaruk.az” portalında yerləşdiriləcək

2024.05.20 16:40 (UTC+04:00)

Ərzaq məhsullarını (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alan dövlət müəssisə və təşkilatlarının növbəti il üzrə tələbatları “tedaruk.az” elektron portalında yerləşdiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə məlumatları (məhsulun adı, növü, miqdarı, çatdırılma ünvanı, dövriliyi və tezliyi və s.) iyun ayının 1-dən iyul ayının 1-dək portalda yerləşdirməlidirlər.

Portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.