Rəqabət qanunvericiliyinin tənzimlənməsi məsələləri müzakirə edilib

2024.05.17 17:59 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Rəqabət Məcəlləsində təsbit edilən yeni anlayışlara, bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərindən bazara olan tələblərinə, habelə Məcəllədə təsbit edilən əsas məqamlara dair növbəti maarifləndirici seminar keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, seminarda Azərbaycan Vəkillər Kollegiyasının 70-ə yaxın üzvü iştirak edib.

Seminarın keçirilməsində məqsəd Məcəllənin hüquqi əhəmiyyəti və rəqabət mühitinin qorunmasına dair qanunvericilik çərçivəsinin mahiyyətini izah etmək, habelə təmərküzləşmə əqdlərinə dair tələblər və Məcəllənin qəbul edilməsindən irəli gələrək ortaya çıxan yeni anlayışlar barədə vəkil və hüquqşünaslarda dolğun məlumatlılıq yaratmaqdır.

Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov və Azərbaycan Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev tədbirdə çıxış ediblər. Dövlət Xidmətinin nümayəndəsi Şəmsi Rzalı təqdimatla çıxış edərək 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin hazırlanması zərurəti, Məcəllənin strukturu, üstünlükləri, eləcə də Azərbaycanda rəqabət siyasətinin əsas prinsipləri haqqında izahlar verib.